ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium keçirildi

ADA Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Ali təhsilin inkişafı: Keyfiyyətin təminatı, proqramın hazırlanması və innovasiya” mövzusuna həsr olunan Üçüncü illik simpozium uğurla başa çatıb. İki gün davam edən tədbirə ölkənin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də yerli və beynəlxalq mütəxəssislər qatılıb. Simpoziumun açılışında ADA Universitetinin akademik məsələlər üzrə prorektoru, professor Elkin Nurməmmədov iştirakçıları salamlayaraq, belə tədbirlərin milli ali təhsilin gələcək inkişafına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında ali təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq meyillərə diqqət çəkərək, universitetlərin əldə etdikləri irəliləyişlərə əsaslanaraq yeni yanaşmaları çevik şəkildə tətbiq etmələrinin vacibliyini vurğulayıb. Tədbir çərçivəsində “İnstitusional inkişaf üçün akkreditasiyadan sonrakı strategiyalar” mövzusunda yüksək səviyyəli interaktiv panel müzakirəsi təşkil olunub. Paneldə Sumqayıt Dövlət Universitetinin rektoru professor Nuralı Yusifbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru dosent Zəfər Qurbanov və Xəzər Universitetinin rektoru professor Raziyə İsayeva iştirak edib.
Bununla yanaşı, ADA Universiteti, TKTA və Bakı Ali Neft Məktəbinin nümayəndələri “Daxili Keyfiyyət Təminatı: Monitorinq və Qiymətləndirmə Mexanizmləri” və “Məzunların məşğulluğuna dəstək: Karyera xidmətlərinin rolu” kimi aktual mövzularda seminarlar keçirib. İştirakçılar akkreditasiya strategiyaları, tədris planlarının təkmilləşdirilməsi, tələbəyönümlü yanaşmalar və təhsildə süni intellektin tətbiqi sahəsindəki son tendensiyalar ətrafında geniş fikir mübadiləsi aparıblar.
Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin həmrəhbəri Frank Nidermayer ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya komandasının fəaliyyətini yüksək qiymətləndirərək, simpoziumun mükəmməl təşkil olunduğunu bildirib. O, belə təşəbbüslərin milli təhsil sisteminin davamlı inkişafı üçün əvəzsiz olduğunu qeyd edib. ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya üzrə direktoru Dr. Maurus Roller isə akademik keyfiyyət və təhsil sahəsində innovasiyalar ətrafında davamlı dialoqun əhəmiyyətinə toxunaraq, simpoziumun bu mühüm müzakirələrin dərinləşməsinə xidmət etdiyini vurğulayıb. Tədbir iştirakçıların sertifikatlarla təltif edilməsi və xatirə şəkilinin çəkdirilməsi ilə yekunlaşıb.