ADAU-da Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Qeyd Edildi

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Azərsun Holding”in birgə təşkilatçılığı ilə 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı münasibətilə zəngin tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında dövlətin aqrar sektora göstərdiyi diqqətdən və kənd təsərrüfatının milli iqtisadiyyatda tutduğu mühüm yerdən bəhs edib. Rektor universitetin müasir tələblərə uyğun peşəkar kadrların hazırlanmasında və innovativ biliklərin istehsalata tətbiqindəki rolunu vurğulayaraq, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib. Onların ərzaq təhlükəsizliyinin təmin olunmasında və ölkənin dayanıqlı inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində aqrar sahəyə uzun illər xidmət etmiş universitet əməkdaşları fəxri fərmanlarla təltif olunub. Mükafatlananlar arasında ADAU-nun Ağsaqqallar Şurasının sədri Siyasət Məmmədov, professor Nizami Seyidəliyev, dekan Məhərrəm İsmayılov və digər təcrübəli mütəxəssislər yer alıb. “Azərsun Holding”in nümayəndələri isə insan kapitalının və təhsil-istehsalat əməkdaşlığının aqrar inkişafda həlledici əhəmiyyətə malik olduğunu qeyd ediblər. Universitet məzunu olan ferma rəhbəri Kənan Əliyev isə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların peşəkar uğurdaki rolunu diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində tələbələr kənd mədəniyyətinə həsr olunmuş rəqslər, mahnılar və şeirlər təqdim ediblər. Tədbirin sonunda iştirakçılara “Azərsun Holding”in istehsalı olan məhsullardan ibarət hədiyyə paketləri verilib. Həmçinin, holdinqin nümayəndələri tələbələrə şirkətin fəaliyyət istiqamətləri, karyera imkanları və işə qəbul prosesi barədə ətraflı məlumat verərək, gənc mütəxəssislərin suallarını cavablandırıblar.