ADNSU-da “Ignite” İnkubasiya proqramı çərçivəsində “Pre-Demo Day” tədbiri keçirildi

ADNSU-da “Ignite” İnkubasiya proqramı çərçivəsində “Pre-Demo Day” tədbiri keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “Ignite” İnkubasiya proqramı çərçivəsində “Pre-Demo Day” tədbiri təşkil edildi. Tədbirin əsas məqsədi gənc girişimçilərin Demo Day öncəsi layihələrini təqdim etməsi, pitch çıxışlarının peşəkar qiymətləndirilməsi və ekspert rəyləri əsasında layihələrin təkmilləşdirilməsi idi.

Tədbirdə ADNSU-nun Startup və Texnologiya Transferi Ofisinin müdiri Əhməd Əhmədzadə, İRİA-nın layihə meneceri Nigar Davud, eləcə də “Ignite” proqramının mentorları – Odlar Yurdu Universitetinin Startup və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü və ADNSU-nun Startup və TTO şöbəsinin aparıcı mütəxəssisi Qədim Qədimov iştirak etdilər. Mütəxəssis komandalarla birbaşa dialoqda onların biznes ideyalarını, maliyyə modellərini və təqdimat texnikalarını müzakirə etdilər. Mentorlar tərəfindən verilən konstruktiv rəylər və tövsiyələr gənclərə layihələrinin zəif nöqtələrini müəyyən etməkdə, mövcud çatışmazlıqları aradan qaldırmaqda və yekun təqdimatlarına daha səmərəli hazırlaşmaqda kömək etdi.

“Ignite” İnkubasiya proqramı gənclərin innovativ ideyalarının reallaşdırılmasını, sahibkarlıq bacarıqlarının inkişafını və bu ideyaların dayanıqlı biznes modellərinə çevrilməsini dəstəkləmək üçün nəzərdə tutulub. Proqramın sonunda iştirakçı komandaların fəaliyyəti mentorların qiymətləndirməsi və yekun təqdimatlar əsasında nəticələndiriləcək. Yarışın qalibləri üçün cəlbədar mükafat fondu ayrılıb: ən uğurlu üç komanda müvafiq olaraq 6 000, 5 000 və 4 000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq. Bu tədbir universitetdə innovasiya mühitinin formalaşdırılmasına və gənc kadrların peşəkar inkişafına mühüm töhfə verir.

Xəbərlər