ADNSU nümayəndələri Daşkənddə VOSIQ Beynəlxalq Məktəbinin şagirdləri ilə görüşüb

ADNSU nümayəndələri Daşkənddə VOSIQ Beynəlxalq Məktəbinin şagirdləri ilə görüşüb

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Özbəkistana etdiyi səfər çərçivəsində Daşkənd şəhərində yerləşən VOSIQ Beynəlxalq Məktəbində təqdimat keçirib. Görüşdə universitetin Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak edib. Məktəbin direktoru Diloram Xəlilova qonaqlara təhsil müəssisəsinin fəaliyyəti, tədrisin təşkili və şagirdlər üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib.

ADNSU nümayəndələri məktəbliləri universitetin müasir təhsil proqramları, ingilis dilində təhsil imkanı, beynəlxalq əməkdaşlıq layihələri və Bakıdakı tələbə həyatı ilə tanış edib. Təqdimat zamanı əcnəbi tələbələrin qəbul qaydaları, ixtisas seçimi və müraciət prosedurları barədə geniş məlumat verilib. Bu görüş, şagirdlərin Azərbaycanda ali təhsil almaq imkanları haqqında daha dəqiq təsəvvür formalaşdırmasına və gələcək karyera planlarını qurmasına mühüm töhfə verib.

Qeyd edək ki, VOSIQ Beynəlxalq Məktəbi məktəbəqədər təhsildən 11-ci sinfə qədər xidmət göstərən qeyri-dövlət təhsil müəssisəsidir. Məktəb ibtidai təhsil mərhələsində Beynəlxalq Bakalavriatın İbtidai İllər Proqramını (IB PYP), 5-ci sinifdən etibarən isə Özbəkistanın dövlət tədris proqramını tətbiq edir. VOSIQ Beynəlxalq Məktəbi ilə Daşkənd Kimyo Beynəlxalq Universiteti (KIUT) arasında əməkdaşlıq tədris-metodiki əlaqələri və pedaqoji təcrübə mübadiləsini əhatə edir. Məktəbin təhsil sistemi KIUT və Cənubi Koreyanın Yeoju Texnologiya İnstitutunun aparıcı müəllimlərinin iştirakı ilə hazırlanıb. Universitetin müvafiq istiqamətlər üzrə tələbələri VOSIQ-də pedaqoji təcrübə keçərək nəzəri biliklərini praktikaya köçürmə imkanı əldə edirlər.

Xəbərlər