ADNSU nümayəndələri Qazaxıstanda təhsil alan tələbələri ziyarət etdilər

ADNSU nümayəndələri Qazaxıstanda təhsil alan tələbələri ziyarət etdilər

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstana etdiyi rəsmi səfər çərçivəsində Satbayev Universitetində akademik mobillik proqramı üzrə təhsil alan səkkiz ADNSU tələbəsi ilə görüşüb. Universitetin üçüncü kursunda oxuyan bu gənclər proqramın tələblərinə uyğun olaraq bir semestr ərzində Qazaxıstanda təhsillərini davam etdirəcəklər. Bu müddət ərzində tələbələr yalnız nəzəri biliklərini dərinləşdirməklə qalmayıb, həm də yeni akademik mühitdə praktik təcrübə qazanmağa çalışacaqlar. Mobillik müddəti tamamlandıqdan sonra onlar doğma universitetlərinə qayıdaraq təhsil prosesini orada davam etdirəcəklər.

Görüşdə ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, eyni şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak ediblər. Nümayəndə heyəti tələbələrin yeni mühitdə uyğunlaşma prosesini, qarşılaşdıqları çətinlikləri və qazandıqları ilk təəssüratları dinləyərək onlara dəstək olduqlarını bildiriblər.

Akademik mobillik proqramları tələbələrin fərqli tədris metodikaları ilə tanış olmasına və ixtisasları üzrə müasir yanaşmaları mənimsəməsinə mühüm şərait yaradır. Xarici universitetdə keçirilən bir semestrlik təhsil tələbələrin müstəqil öyrənmə qabiliyyətini, yeni mühitə uyğunlaşma bacarığını və beynəlxalq mühitdə ünsiyyət səviyyəsini artırır. Bu cür təcrübə tələbələrin gələcək peşəkar karyeralarını daha şüurlu şəkildə planlaşdırmasına, ixtisaslarına daha geniş baxış formalaşdırmasına kömək edir.

Bu addım ADNSU-nun beynəlxalq akademik əlaqələrinin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Tələbələrin Qazaxıstanda qazandıqları təcrübəni geri qayıtdıqdan sonra həmyaşıdları ilə bölüşməsi universitet daxilində beynəlxalq təhsil standartlarının yayılmasına və qarşılıqlı öyrənmə mühitinin inkişafına töhfə verəcəkdir. ADNSU bu cür proqramlar vasitəsilə tələbələrinə dünyada rəqabətə davamlı, multikulturalizmə uyğunlaşmış peşəkar kadrlar hazırlamaq missiyasını davam etdirir.

Xəbərlər