BDU-da Müstəqilliyin Bərpası Günü münasibətlə qeyd olundu

BDU-da Müstəqilliyin Bərpası Günü münasibətlə qeyd olundu

Rəsmi mənbə

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş zəngin məzmunlu tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Fakültənin dekanı, professor İbrahim Zeynalov çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpasını çoxəsrlik dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri kimi səciyyələndirib. O, bu tarixi nailiyyətin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və öz müqəddəratını təyin etmək əzminin bəhrəsi olduğunu vurğulayıb. Dekan müstəqilliyin qorunub saxlanılması, dövlətçilik ənənələrinin yaşatılması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyinə diqqət çəkib. Professor İbrahim Zeynalov xatırladıb ki, 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyimiz müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Lakin xalqımız qətiyyət və möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Prezident İlham Əliyevin liderliyi ilə isə müstəqilliyimiz daha da gücləndi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.

Tədbirdə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev və Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova da çıxış ediblər. Mütəxəssislər müstəqilliyin bərpasına gətirib çıxaran tarixi-siyasi proseslərə, xalqımızın azadlıq uğrunda apardığı mübarizəyə və milli dövlətçilik ideyalarının formalaşmasına toxunublar. Qeyd olunub ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu müstəqilliyin hüquqi əsasını təşkil edərək xalqımızın azadlıq arzusunun gerçəkləşməsində mühüm rol oynayıb.

Tədbirdə müstəqillik dövründə siyasi, iqtisadi və sosial sahələrdə qazanılan nailiyyətlərdən, dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Müstəqilliyin milli yaddaşın qorunması və dövlətçilik şüurunun gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbir bədii hissə və Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşdırılıb.

Xəbərlər