BDU-da Prezident təqaüdçüsü olan rəfiqələrin ortaq uğur hekayəsi
_5.jpg)
Bakı Dövlət Universitetinin (BDU) bu il Prezident təqaüdünə layiq görülən 15 tələbəsi arasında Filologiya fakültəsinin I kurs tələbələri Aydan Rəcəbova və Firanə Şahverdiyeva da var. Onlar dörd yaşından başlayan dostluqları, eyni parta arxasında keçən məktəb illəri və üçqat olimpiada qalibiyyətləri ilə seçilirlər. Birlikdə qurduqları xəyalları reallığa çevirən bu iki gənc, ölkənin ən ali tələbə təqaüdünü qazanmaqla uğurlarını taclaşdırıblar.
Aydan və Firanənin dostluğu 12 oktyabr tarixində, ataları vasitəsilə tanışlıqları ilə başlayıb. Həmin gündən etibarən onlar bir yerdə böyüyüb, sinif yoldaşı və hazırlıq yoldaşı olublar. BDU-da oxumaq arzusu da həmin dövrlərdən bəri ortaq hədəfləri idi. Hazırlıq dövründə bir-birini motivasiya edən qızlar, Respublika fənn olimpiadalarının üçqat qalibi olmaqla universitetə müsabiqədənkənar qəbul imkanı qazanıblar. Lakin onlar bu imkandan istifadə etmək əvəzinə, blok imtahanlarında iştirak edib Prezident təqaüdçüsü adını birlikdə qazanmaq qərarına gəliblər.
Təqaüdə layiq görülən anı xatırlayan Firanə, sevincindən ağladığını, Aydan isə bütün o yuxusuz gecələrin və fasiləsiz dərslərin bəhrəsini gördüyünü bildirib. Onlar üçün ən böyük sevinc, uşaqlıqdan bəri eyni xəyalı paylaşıb, nəticəni də birlikdə qeyd etmək olub.
İxtisas seçiminə gəldikdə, hər ikisi “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” sahəsini seçiblər. Aydan üçün bu, uşaqlıq arzusudur; o, ana dilimizin lüğət tərkibi, qrammatikası və tədris metodikasını dərindən öyrənmək istəyir. Firanə isə bu marağın idealı saydığı, Azərbaycan dili və ədəbiyyatı müəllimi olan anasından gəldiyini qeyd edir. Bu gün onlar sadəcə zövq üçün yox, həm də öyrənmək və öyrətmək məqsədi ilə oxuyub, tədqiqatçı kimi yanaşırlar. Bu uğur hekayəsi, səbat, dostluq və müəllimlik peşəsinə olan sevginin mükafatıdır.