Laos Prezidenti Thonqlun Sisulit BDU-nun tələbələri ilə görüşdü

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinə (BDU) səfər edərək universitetin tələbələri ilə görüşüb. Tədbirin açılışında BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Azərbaycanla Laos arasında mövcud dostluq münasibətlərinin zəngin tarixə malik olduğunu vurğulayıb. O, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda ali təhsil almasının iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsindəki rolu xatırladıb. Rektor, BDU-nun Laosun aparıcı ali məktəbləri ilə tərəfdaşlıq əlaqələrini qurmaqda maraqlı olduğunu və bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanların olduğunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev də görüşdə iştirak edərək tarixi məlumatlar verib. Nazir bildirib ki, sovet dövründə təxminən 2 minə yaxın Laos vətəndaşı Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alıb. O, Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından istifadə etməyə dəvət edərək, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaradığı perspektivlərdən danışıb. Nazir, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, eləcə də tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Laos Prezidenti Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrini aradan qaldırmaq, milli inkişafı təmin etmək və əhalinin həyat səviyyəsini yüksəltmək istiqamətində göstərdiyi səylərdən bəhs edib. Prezident, Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın yeni sahələrində genişləndirilməsi üçün imkanların araşdırılmasına toxunub.
Görüşün sonunda BDU-nun tələbələri Laos Prezidentinə maraqlı suallar ünvanlayıb və Thonqlun Sisulit onların sorğularını cavablandırıb. Tədbirin yekununda BDU-nun rektoru Elçin Babayev qonağa hədiyyələr təqdim edib. Görüş bədii hissə ilə başa çatıb.