UNEC-də ilk dəfə əcnəbi tələbələr ikili diplom proqramı çərçivəsində təhsil alacaq

UNEC-in Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu il ilk dəfə həyata keçirilən ikili diplom proqramı çərçivəsində 15 magistrant MBA proqramının “Maliyyə” ixtisaslaşması üzrə təhsil alacaq. Proqramın xüsusiyyəti ondan ibarətdir ki, tələbələr birinci semestri UNEC-də, növbəti üç semestri isə Daşkənd Dövlət İqtisad Universitetində keçirəcəklər. Proqramı uğurla tamamlayan məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.
Rektor professor Ədalət Muradov UNEC-də təhsil alacaq özbəkistanlı tələbələr ilə görüşərək onları təbrik etdi və təhsil yolunda uğurlar arzuladı. Görüşdə tələbələrə UNEC-in təhsil imkanları, beynəlxalq reytinqlərdəki mövqeyi və universitetin fəaliyyəti barədə ətraflı məlumat verildi. Rektor qeyd etdi ki, UNEC hazırda xarici universitetlərlə 10-dan çox ikili diplom proqramı reallaşdırır. Lakin bu, yeganə proqramdır ki, UNEC tələbələri təhsil almaq üçün xaricə getmir, əksinə, əcnəbi tələbələr təhsil almaq üçün UNEC-ə gəlir. Bu, universitetin beynəlxalq cazibəsini və akademik səviyyəsini bir daha təsdiq edir.
Ədalət Muradov bildirib ki, Özbəkistanla reallaşdırılan bu proqram hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsinin inkişafı və beynəlxalq təhsil imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Görüşdə həmçinin, magistrantların Azərbaycanda olduqları müddətdə ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarının vacibliyi diqqətə çatdırılıb. Bu addım, təhsil əməkdaşlığı ilə yanaşı, iki xalq arasında mədəni bağların möhkəmlənməsinə də töhfə verəcək. UNEC, bu cür beynəlxalq layihələr vasitəsilə tələbələrə qlobal bazar tələblərinə uyğun mütəxəssis hazırlamaq imkanı yaradır.