UNEC məzunu, şəhid Əli Ələkbərovun xatirəsi ehtiramla yad edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu, Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Əli Ələkbər oğlu Ələkbərovun xatirəsi oktyabrın 17-də ehtiramla yad edilib. Anım günü münasibətilə fakültənin dekanı Elçin Eyvazov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev və fakültənin fəal THİK üzvləri şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı qonaqlar məzarın önünə gül dəstələri qoyub, Vətən uğrunda canından keçən Əli Ələkbərovun əziz xatirəsini dərin ehtiramla anıblar. Universitet ictimaiyyəti şəhidin xatirəsini yad etmək üçün bir araya gələrək, onun göstərdiyi qəhrəmanlıq nümunəsini gənclərə öyrətməyin vacibliyini bir daha vurğulayıblar. Şəhidin ailə üzvlərinə və yaxınlarına başsağlığı verilib, onlara səbir dilənib.
UNEC kollektivi qeyd edir ki, universitetin məzunları cəbhə xəttində Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, tarixə qəhrəmanlıqları ilə adlarını yazdılar. Əli Ələkbərov kimi igidlərin xatirəsini yaşatmaq, onların izlərini davam etdirmək hər bir universitet tələbəsi və məzununun borcudur. Bu cür anım tədbirləri gənc nəslə vətənpərvərlik ruhunu aşılayır və onları Vətənə daha sədaqətli olmağa çağırır.
UNEC rəhbərliyi və tələbə icması bütün şəhidlərimizin əziz xatirəsini sonsuza qədər yad edəcəklərini bildirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbrləri nur, ruhları şad olsun!