XII Bakı Beynəlxalq Kitab Sərgisində ADNSU professorunun yeni kitabları təqdim olundu

XII Bakı Beynəlxalq Kitab Sərgisində ADNSU professorunun yeni kitabları təqdim olundu

Rəsmi mənbə

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində əhəmiyyətli bir kitab təqdimatı keçirilib. Tədbirdə universitetin Cihaz mühəndisliyi kafedrasının professoru Kəmalə Rafiq qızı Əliyevanın iki yeni nəşri oxucuların diqqətinə çatdırılıb. Professorun “Artificial Intelligence” (Süni İntellekt) və “Avtomatik idarəetmə sistemlərinin əsasları” adlı kitabları elmi ictimaiyyət və tələbələr arasında böyük maraq doğurub.

Tədbiri giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova, bu cür tədbirlərin əsas məqsədinin sadəcə yeni nəşrləri tanıtmak olmadığını, həm də elmi biliklərin, mütaliə mədəniyyətinin və nəşr irsinin təbliğ edilməsi olduğunu vurğulayıb. S. Mahmudova qeyd edib ki, təqdim olunan hər iki kitab süni intellekt və avtomatik idarəetmə sistemləri sahəsində biliklərin dərinləşdirilməsi, eləcə də bu istiqamətdə yeni elmi tədqiqatların aparılması baxımından qiymətli mənbə vəzifəsini daşıyır.

Kitab təqdimatında Cihaz mühəndisliyi kafedrasının professoru Lalə Bəkirova, dosent Aynur Cəbiyeva, baş müəllim Məhəbbət Xudaverdiyeva və kafedranın digər müəllimləri iştirak edərək çıxışlar ediblər. Müəllimlər yeni nəşrlərin məzmunu, elmi dəyəri və praktiki əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu kitabların süni intellekt sahəsində fəaliyyət göstərən mütəxəssislər və alimlər üçün vacib bir əsas olduğunu qeyd ediblər.

Tədbirə ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin əməkdaşları və universitet tələbələri də qatılıb. Tələbələr üçün bu kimi tədbirlər elmi nəşrlərlə birbaşa tanış olmaq, müəllimlərlə əlaqə qurmaq və peşəkar inkişaf yollarını genişləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. ADNSU Kitabxana İnformasiya Mərkəzi bu cür tədbirlər vasitəsilə universitet ictimaiyyətində kitab sevgisini və elmi marağı artırmağa davam edir.

Xəbərlər