XII Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun Media problemləri jurnalı təqdim olundu

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “BDU-nun Media problemləri jurnalı”nın təqdimat mərasimi geniş miqyasda keçirilib. Tədbirdə jurnalın baş redaktoru, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli çıxış edərək nəşrin əsas hədəfləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, jurnalın müasir medianın qarşılaşdığı çağırışların elmi müstəvidə təhlili və müzakirəsi üçün vahid platformaya çevrildiyini vurğulayıb.
Professor Qulu Məhərrəmli qeyd edib ki, 2023-cü ilin iyun ayından bəri fəaliyyət göstərən bu rüblük nəşr bu günədək 4 nömrə ilə oxucuların diqqətinə təqdim olunub. Jurnalda yalnız Azərbaycandan deyil, həmçinin müxtəlif türk dövlətləri, Rusiya və Ukrayna elmi mərkəzlərinin tədqiqatçılarının Azərbaycan, rus, ingilis və türk dillərində yazılmış məqalələri yer alır. Baş redaktor nəşrin aktuallığını daim qoruduğunu bildirərək, son nömrənin ana dilinin saflığının qorunması mövzusuna həsr edilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dili milli kimliyin, yaddaşın və mənəvi varlığın əsas sütunlarından biridir.
Təqdimat mərasimində BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Sabir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva və əməkdar jurnalist Namiq Əhmədov da iştirak ediblər.
Çıxış edən mütəxəssislər “BDU-nun Media problemləri jurnalı”nı müasir medianın elmi baxımdan araşdırılması baxımından unikal bir nümunə kimi qiymətləndiriblər. Natiqlər nəşrin gələcəkdə beynəlxalq indeksli elmi jurnallar siyahısına daxil olacağına və media sahəsindəki problemlərin həllinə böyük töhfə verəcəyinə dair öz inamlarını ifadə ediblər.